Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etmişdir.
İri broyler şirkətlərini birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkə ərazisində bir sıra toyuq kəsimi məntəqələrinin ekoloji qaydaları pozduğunu elan edib və onun qarşısını almaq üçün Ekologiya Nazirliyindən kömək istəyib.
Hazırda ölkə ərazisində ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən, tullantılarla bağlı standartları nəzərə almayaraq ətraf mühitə ciddi zərər vuran bir sıra toyuq kəsimi məntəqələri fəaliyyət göstərməkdədir. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə(ETSN) müraciət edərək, belə narahatlıq doğuran məsələlərin müzakirəsini təklif etmişdi.
Oktyabrın 5-də ETSN-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev, Xidmətin şöbə müdiri Adil Zeynalov, Nazirliyin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə APEPEA üzvləri – APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli, "Səba” ASC-nin nümayəndəsi Rəşad Məmişov, Oqtay Xankişiyev və bir sıra iri broyler şirkətlərinin rəsmiləri arasında görüş keçirilib.
Görüş zamanı Assosiasiya üzvləri xüsusilə Bakı ətrafında fəaliyyət göstərən sanitar-gigiyenik, ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən toyuq kəsimi məntəqələrinin yaratdığı narahatlıqları nazirlik rəsmilərinin diqqətinə çatdırıblar.
Bildirilib ki, belə kəsimxanalarda kəsilən toyuqların tükləri ətrafa dağıdılır, qanı yaxın ərazilərdə torpağa tökülür, bəzənsə dənizə axıdılır, digər tullantıları normal utilizasiya edilməyərək zibil qablarına atılır.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda müasir və ekoloji tələblərə tam cavab texnologiyalarla işləyən kəsimxanaların olduğunu, zərurət yaranarsa, həmin kəsimxanalarla tanışlıq imkanı yaradıla biləcəyini ETSN nümayəndələrinin diqqətinə çatdırıb.