Səba ASC beynəlxalq nüfuzlu Deloitte şirkətinin təşkil etdiyi "Best Managed Company" nominasiyası üzrə qalib seçildi.
Best Managed Companies layihəsi qlobal olaraq Deloitte tərəfindən 30 il ərzində 40-dan artıq ölkədə uğurla həyata keçirilən müsabiqədir.
Əsas məqsəd yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri geniş ictimaiyyətə tanıtmaqdır.
26 may 2022-ci il tarixində Best Managed Companies Azərbaycan 2022 müsabiqəsinin qalibləri elan edildi. Builki müsabiqənin qaliblərindən biri də SƏBA Şirkətlər Qrupudur.
Qala gecəsində ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarının rəsmiləri iştirak etmişlər. Tədbirdə çıxış edən İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Best Managed Companies layihəsinin Azərbaycanda özəl sahibkarlığın inkişafına verə biləcəyi töhfəni vurğulamışdır.
Müsabiqə zamanı iştirakçı şirkətlərin idarə edilməsi müstəqil münsiflər heyəti tərəfindən dörd meyar əsasında dəyərləndirilir: strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri. Bu meyarlar Deloitte-un son 30 il ərzində bu müsabiqəni beynəlxalq müstəvidə keçirərək topladığı təcrübə əsasında müəyyənləşdirilib.
Best Managed Companies Azərbaycan müsabiqəsi PAŞA Bank, UNEC, British Business Group və İctimai Televiziyanın tərəfdaşlığı ilə təşkil olunmuşdur.
Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən aparıcı markalardandır. Artıq iyirmi ilə yaxın müddətdir ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir.