Qarabağ Taxıl

Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.Dövlət başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də “Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.
Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib.Dövlət başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir.